“Mən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın IV Antalya Diplomatik Forumundakı brifinqini və paneldəki çıxışını diqqətlə dinlədim. O, bəyan etdi ki, biz Konstitusiyaya dəyişiklikləri yalnız 2026-cı ildə həyata keçirə bilərik. Həmin il Ermənistanda növbədənkənar seçkilər də olacaq”.
Bunu hafta.az əməkdaşının “Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru aparılmalı prosesdə nəsə bir müsbət dəyişiklik gözləmək olarmı?” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı söyləyib.
“Rəsmi Bakının Ermənistan qarşısında qoyduğu ölkə Konstitusiyasından Azərbaycana ərazi iddialarının kənarlaşdırılması məqsədi ilə dəyişiklik və ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq vermək tələbləri tamamilə haqlıdıır. Amma Mirzoyanın sözlərindən belə çıxdı ki, 2025-ci ilin sonunadək sülh müqaviləsinin imzalanmasından danışmağa dəyməz”, - deyə davamında həmsöhbətimiz bildirib.
“Əgər hər hansı başqa bir ekstraordinar yenilik olmasa, hansısa məsələ ilə bağlı Azərbaycanla təcili anlaşma istənilməsə, təbii ki, sülh sazişi baş tutmayacaq. Məsələn, Azərbaycan tərəfi Ermənistandan 1988-2023-cü illər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi zərərlərə görə təzminat da tələb edir. Bunda da biz tamamilə haqlıyıq. Amma Ermənistan tərəfi deyir ki, bizim pulumuz yoxdur, onu Rusiyanın fətvasıyla Qarabağ separatçıları edib- gedin, təzminatı onlardan alın. Yəni, rəsmi İrəvanın bu təzminatı yaxın onilliklərdə də ödəməsi praktiki cəhətdən tamamilə mümkünsüzdür. Odur ki, deyilənləri nəzərə alaraq mən azı 2026-cı ilə qədər sülh sazişinin imzalanacağını gözləmirəm. Ancaq bu istiqamətdə hər iki tərəfdən hansısa müsbət addımların atılması mümkündür”, - deyə Teymur Qasımlı diqqətə çatdırıb.